Burada azərbaycanlı rəssam Nigar Nərimanbəyova Paris izləyicilərinə 10 əsərdən ibarət "Sevgi oyuncaqları" rəsm əsərləri seriyasını təqdim edib. Onların arasında "Marionet", "Qarışıq istək obyekti", "Nimfa öpüşü", "Xəzərin qızı", eləcə də bundan öncə "Toile D'or 2016" "Qızıl rəsm əsəri" müstəqil rəssamlar Salonunun əsas mükafatını alan "Adacio" rəsmi var. Rəsmlər inanılmaz uğur əldə edib, rəssam isə "Sehrli füsunkar kainat yaradılmasına görə" əfsanəvi Jorj Levinin imzaladığı "Biznes-art salonu 2016" mükafatını qazanıb.

Nigar Nərimanbəyova

Nigar Nərimanbəyovanın yaradıcılığını onun uzun illər üzvü olduğu "Stella Art İnterneşnl" fransız Assosiasiyası təqdim edib. Rəsmlər parislilər və şəhərin qonaqlarını öz nağıl, sehr dünyası və aktual qadın tematikası ilə heyran qoyub.

Qeyd edək ki, Nigar Nərimanbəyova Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini və Moskvada S.A. Qerasimova adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq İncəsənət Assosiasiyasının (IAA) üzvüdür. Çoxlu sayda respublika, ümumittifaq və beynəlxalq rəsm sərgilərinin iştirakçısıdır. Onun rəsmləri Azərbaycan Mədəniyyət və Turizm nazirliyi fondunda, ölkənin Dövlət incəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. "Stella Art İnterneşnl" fransız assossiasiyasının üzvüdür.