Sərnişinlər üçün biletlər artıq 5-10 ildən sonra pulsuz ola bilər. Bu barədə şirkətin icraçı direktoru Maykl O'Liri bildirib. "Gələcəkdə qarşımızda duran hədəf aviabiletlərin qiymətinin aşağı salınması tendensiyasını qorumaqdır. Mənim yaxın 5-10 il Ryanair biletlərinin pulsuz olacağı barədə təsəvvürüm var", - deyə o, bildirib. O'Liri qeyd edib ki, bu halda bütün reyslər dolmuş olacaq və şirkət aeroportlarda yerləşən mağazalardakı satışlardan qazanmağa başlayacaq. Belə model daha çox sərnişin axınını artırmaqda maraqlı olan kiçik Avropa aeroportlarına uyğun olacaq.

Məlumat üçün bildirək ki, İrlandiya loukosteri bu il 119 milyon sərnişin daşımağı planlaşdırır, 2025-ci ilə isə bu axını ildə 200 milyona qaldırmağı hesablayıb. Ryanair biletinin orta qiyməti ötən il 46 avro təşkil edib. O'Lirinin sözlərinə görə, 2017 ilə qiymətlər daha 10-15% aşağı düşəcək.