- Fidan xanım, ilk səyahətinizi necə xatırlayırsınız?
- Mənim ilk səyahətim uşaq yaşlarımda valideynlərimlə birgə Rusiyanın Nijni Novqorod şəhərinə olub. Yay aylarında dayımgilə istirahətə getmişdik. Qarabuğdayı qız idim, qonşular elə bilirdilər ki, Hindistandan gəlmişəm (gülür). Mənim də bu bənzətmədən xoşum gəlirdi və hər axşam həyətdə qohum, qonşu uşaqlara hind mahnılarından ibarət kiçik konsertlər verirdim. İllər sonra 18 yaşımda artıq gənc müğənni kimi Türkiyəyə ilk qastrol səfərinə getdim. Musiqi müəlliməm Lalə Abbasovanın dəstəyi ilə qatıldığım Leyla Gencer adına musiqi müsabiqəsində "Ən istedadlı opera müğənnisi" diplomuna layiq görülmüşdüm. Daha sonra Kipr Respublikasına səfərim zamanı orada müqavilə imzaladım və bir müddət Türkiyədə opera səhnəsində çıxış etməyə başladım. Azərbaycan Dövlət Opera və Balet teatrının solisti kimi isə Rusiya, İtaliya, Almaniya, Fransada konsert proqramları ilə çıxış edirəm.

"Karmen" operasından bir səhnə.

- Səyahətlər sizə nələr öyrədib?
- Bilirsiniz, bu, müxtəlif millətlərin mədəniyyətini, yaşayış tərzini, adət-ənənələrini öyrənmək üçün əla imkandır. Mən ilk növbədə getdiyim xarici ölkələrin yerli telekanallarını izləyirəm, çünki televiziya cəmiyyətin güzgüsüdür. Məsələn, İngiltərə televiziyalarında ailə, uşaqlarla davranış, sağlamlıq, gözəllik, estetika, bağlara qulluq və ölkənin tarixi haqqında çox maraqlı verilişlər hazırlayırlar. Mən ingilislərin yaşayış tərzi və maraqları haqqında çox şeyi məhz belə verilişlər vasitəsilə öyrənmişəm. Ümumiyyətlə, səyahət etmək insanın dünyagörüşünü zənginləşdirir, başqa ölkələrdə gördüyün şeyləri öz ölkəndə tətbiq etməyə başlayırsan. Buna misal olaraq yeni yaradılmış Fidan Hacıyevanın Musiqi Mərkəzini göstərə bilərəm. Dünyanın bir çox ölkələrində məşhur sənətçilərin öz sənət sirlərini öyrətdikləri tədris ocaqları var. Burada mən öz tələbələrimlə Azərbaycan, Rusiya, İtaliyanın məktəblərində öyrəndiyim vokal sirlərini bölüşürəm. Mərkəzə qəbul üçün yaş həddi yoxdur. İstedadı olan hər bir tələbənin üzünə qapımız açıqdır.

- Səfərləriniz zamanı başınıza gələn ən yaddaqalan hadisə hansıdır?
- Sizə maraqlı bir əhvalat danışım. Mən İtaliyanın Siena şəhərində yerləşən Kicana musiqi akademiyasında ustad dərsləri almışam. Həmin akademiyanın həyətində bir quyu var. Bir dəfə rəfiqəm mənə dedi ki, bu quyuya qəpik atıb arzu tutsan, arzun bir il ərzində həyata keçəcək. Akademiyada oxuduğum zaman mən artıq Filipplə (həyat yoldaşı - red.) tanış idim. Arzu tutdum ki, gələn il bal ayımı burada keçirim. Bir müddət sonra Bakıya qayıtdım, Filipplə ailə qurduq və bal ayımızı planlaşdıranda təklif etdim ki, İtaliyaya gedək. Elə oldu ki, yolumuz Sienadan düşdü və Kicana Akademiyasının həyətinə gələndə bir il əvvəlki hadisə yadıma düşdü. Quyuya yenidən qəpik atıb arzuladım ki, sarışın, mavi gözlü bir qızım olsun. Bir il sonra Corcina dünyaya gəldi. Məhz Siena şəhərinin şərəfinə biz də qızımızın adını Corcina Siena Xəyalə qoyduq.

Fidan Hacıyeva qızı Corcina ilə

- Sizi ən çox təəccübləndirən hansı ölkə olub?
- Bir neçə il öncə Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə birlikdə Yaponiyanın Naqoya şəhərinə qastrola getmişdik. Hardasa, 16 saat təyyarə ilə uçduq. Ancaq kollektivimiz o qədər şən idi ki, vaxtın necə keçdiyini hiss etmədik. Yaponların adət-ənənələri, mədəniyyəti və mətbəxi ilə tanışlıq mənə çox maraqlıydı. Onlar dəniz məhsullarından qeyri-adi yeməklər bişirirlər, özlərinə məxsus çay mərasimləri olur.

- Yeri gəlmişkən, hansı ölkənin milli mətbəxini bəyənirsiniz?
- Azərbaycan yeməkləri dadına, çeşidinə görə mənim üçün ilk yerdədir. Ancaq italyan, türk və ingilis mətbəxi də favoritlərim arasındadır. İngilislərin isə özünəməxsus mətbəx mədəniyyətləri var. Məsələn, bizdə qış mövsümü üçün yayda müxtəlif turşular bağlayırlarsa, ingilislər çatni hazırlayırlar. Bu, tərkibində meyvə-tərəvəzlər olan xüsusi souslardır. Adətən, Milad ərəfəsində bişirirlər və tost çörəyi, ət yeməkləri ilə yeyirlər. Bundan başqa, Milad bayramı zamanı hər bir ingilis ailəsinin stolunda mütləq hinduşka əti olmalıdır. Onlar hinduşkanı xüsusi reseptlə illərlə soyuducuda saxlaya bilərlər. Ən məşhur şirniyyatlarından biri isə ətli piroqdur.

Fidan Hacıyevadan səyahətçilər üçün məsləhətlər:

İtaliyanın Siena şəhərində yerləşən Kicana Akamiyasına mütləq baş çətin. Akademiyanın həyətində yerləşən "sehrli quyu" sizin arzularınızı gerçəkləşdirəcək.

Londonda attraksion həvəskarları "Legoland"ə yollansınlar. Burada Avropanın əsas memarlıq abidələrinin kiçildilmiş forması və uşaqların əyləncəsi üçün hər cür şərait var.

Madam Tüsso muzeylərinin ən böyüyü və mum fiqurlar cəhətdən ən zəngini də Londonda yerləşir. Bura turistlərin sevimli məkanlarından biridir.

Kiprdəki qədim Bellapais Monastırını görün. Qədim Roma dövründə tikilən bu möhtəşəm məkanın akustikası sayəsində burada hər il Bellapais Musiqi festivalı keçirilir.

Ukraynanın məşhur Truskavets balneoloji kurortu həm sağlamlıq problemlərinin həlli, həm də istirahət üçün ən yaxşı yerdir.