- İlk səfərinizi necə xatırlayırsınız?
- İlk səfərim 16 yaşımda İspaniyaya olub. Gitara üzrə ustad dərsləri alırdım. Həmin müddət ərzində Andelusia, Kadiz, Konil, Sevilya, Kordoba, Madrid və digər şəhərləri gəzdim. İspaniya yeganə ölkədir ki, ikinci dəfə ora qayıtmaq istəyərdim.

İstanbul xatirələri.

- Səyahət etdiyiniz şəhərlərdə sizi daha çox nə cəlb edir?
- Mən ilk növbədə, ruhu olan şəhərləri sevirəm. İkinci, insanların istiqanlı olmağına önəm verirəm. Məsələn, italyanları çox xoşlayıram və hətta deyərdim ki, bəzi xüsusiyyətləri ilə bizə oxşayırlar. İtaliyanı bir həftə boyunca velosipedlə qarış-qarış gəzmişəm. Florensiyadan ta Monarola şəhərinə qədər uzun bir yol qət etdim, başıma çox işlər gəldi və səfərim elə buna görə yadda qaldı. Bir sözlə, ekstremal səyahəti sevirəm.

Velosiped mənim ən dözümlü "yol yoldaşı"mdır.

- Bu yaxınlarda Amerikada konsert proqramı ilə çıxış etdiniz. Okeanın o tayı ilə bağlı təəssüratlarınız necədir?
- Bəli, son səfərim Kaliforniyaya oldu. Amerika ilə bağlı təəssüratlarım unudulmazdır. Oraya illər öncə köçən həmyerlilərimizlə tanış olduq, bizi çox səmimi və mehriban qarşıladılar, evlərində qonaq etdilər. Los-Ancelesin havası təmiz, təbiəti gözəl, gəzməli-görməli yerləri isə saymaqla bitməz. Mənim üçün günəşli hava hər şeydən vacibdir. Soyuq bir ölkədə yaxşı qazanc olsa belə, orada yaşamaq istəmərəm.

San-Xosedən San-Fransiskoya gedərkən "İlin selfi"sini çəkdim.

Ulduz bələdçi: Çingiz Mustafayev

Həyat böyük bir macəradır. Bu macəra bizi Kaliforniyaya apardı.

- Yol yoldaşınız hansı keyfiyyətlərə sahib olmalıdır?
- Həmişə istəyirəm ki, yola çıxanda ətrafımda maraqlı insanlar olsun. Əgər yol yoldaşlarım arasında neqativ enerjili biri olarsa, həmin səyahət mənim üçün cəhənnəmə dönür. Bəxtim gətirib ki, bizim "Palmas" qrupunda hamı dostdur və istənilən qastrol səfərindən böyük həzz alırıq. Dostlarım yanımda olandan sonra hətta Zimbabveyə də gedərəm.

Moskvada bir gün.

"Palmas" ilə həm dünyanı, həm də Azərbaycanı birlikdə kəşf edirik.

Qrupla səfərlərin ən yadda qalan məqamı - həmişə hava limanına gecikməyimiz olur.

- Hansı ölkəyə getmək arzusundasınız?
- Hamı dünyanı gəzmək istəyir. Amma inanmıram ki, mənim qədər istəyən tapılar. Şərq ölkələrini kəşf etmək arzusundayam. Məsələn, Çində olmaq, Hindistanın tarixi yerlərini ziyarət etmək, qədim adət-ənənələriylə yaxından tanış olmaq istəyərdim.

Ulduz bələdçi: Çingiz Mustafayev

"Palmas" ilə Honkonqa iki dəfə səfər etmişik. Orada yediyimiz yeməkləri çətin ki, bir də hansısa ölkədə dadaq. Dəniz məhsullarını sevənlər üçün cənnətdir, sevməyənlər isə bizim kimi ac qalacaqlar.

Ulduz bələdçi: Çingiz Mustafayev

HonkonqHonkonqda "Analoqu olmayan" adlı mahnımıza klip çəkdik.

- Hansı səfəriniz daha çox yadda qalıb?
- Ən uzun müddətli səyahətimi Yunanıstanda keçirmişəm. Dostumun orada evi var və yayda yaxta ilə adaları gəzirik. Düzdür, bütün adalar bir-birinə oxşayır: mavi damlı ağ evlər, qədim kilsələr... Mən daha çox Santorini adasına vurğunam. Yunanıstan səyahət etmək üçün gözəl yerdir, ancaq səs-küylü şəhərdə yaşayan insan oradakı sakitlikdən vahiməyə düşə bilər. Sonuncu dəfə bir aylıq bilet almışdım, amma səfərim cəmi bir həftə çəkdi.

Lardos, Yunanıstan

Ulduz bələdçi: Çingiz Mustafayev

Ulduz bələdçi: Çingiz Mustafayev

Ulduz bələdçi: Çingiz Mustafayev

- Səyahətləriniz zamanı yeni nə öyrənirsiniz?
- Hər səfərimdən sonra başa düşürəm ki, doğrudan da həyat qısadır və dünyanı gəzməyə 50-100 il belə bəs deyil. Pula aludə olan biri deyiləm, amma dünyanı gəzmək istəyən insan üçün bu, ən vacib şeydir.

London, Böyük Britaniya

- Yaxın zamanda hara səfər etməyi planlaşdırırsınız?
- Hazırda Ukraynada "Qolos" müsabiqəsində iştirak etdiyim üçün tez-tez Kiyevə uçuram. Kiyev gözəl insanları ilə məşhur olsa da, turistləri bura cəlb edən səbəblərdən biri də ucuzluqdur.

Ulduz bələdçi: Çingiz Mustafayev

İstərdim ki, gələcəkdə Azərbaycan pasportu ilə dünya ölkələrinə sadəcə bilet alıb getmək mümkün olsun.

Çingiz Mustafayevdən səfərə hazırlaşanlara məsləhətlər:

San-Fransiskoda Koyt qülləsindən şəhərin mənzərəsinə tamaşa edin.

Honkonq parkında "Çay muzeyi"nə baş çəkin. Muzeydə Çinin ənənəvi çay dəstləri sərgilənir, turistlərə qədimdən gələn çay mərasimlərində iştirak etmək təklif olunur.

Santorini adasına ən gözəl mənzərə qədim İya şəhərciyindən açılır. Adanın evlərini seyr edə, Eger dənizinin gözəlliyindən həzz ala və günəşin batmağını izləyə bilərsiniz.

Yolunuz İspaniyadan düşsə, mütləq müxtəlif növ şərabların dadına baxın. Hədiyyə olaraq isə suvenirlərlə yanaşı, şərab, likyor, zeytun yağı və ya pendir ala bilərsiniz.

Florensiyada Sinorii meydanında ən yaxşı şokoladın dadına baxın.

Layihənin sponsoru Philosophy Travel şirkətidir.