- Mirsəməd bəy, işinizlə əlaqədar Avropada yaşamısınız. Qərb həyat tərzində nələri müşahidə etmisiniz?
- Bəli, bir müddət Lider TV-nin müxbiri kimi Belçika və Latviyada yaşamışam. Latviyanı Avropanın bir hissəsi hesab etmək olar, hərçənd ki, uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Orada insanlar bir-birilərinin həyat tərzinə hörmət edirlər, səs-küydən uzaqdırlar, çevrəni təmiz saxlayırlar. Avropalılar çox səmimi və ailəcanlıdırlar. Bir müddət əvvəl Avstriyada olanda buna bir daha diqqət yetirdim. Qərbdə ailələr möhkəm təməllər üzərində qurulur. Lakin biz elə fikirləşirik ki, onlarda ailələrin yarısı dağılır. Düzdür, səni öz evlərinə qonaq dəvət etməyə bilərlər, ancaq bu, onların soyuqqanlı olduğu anlamına gəlmir.

Ulduz bələdçi: Mirsəməd Cəfərli

- İlk səfərinizi necə xatırlayırsınız?
- İlk dəfə 3 yaşımda anamla dayımgilə - Krasnodar vilayətinə qonaq getmişdik. Təyyarənin pəncərələri hələ də gözümün önündədir. Məktəbdə oxuduğum illərdə isə putyovka ilə Baltikyanı ölkələri, Ukraynanı, Moskva şəhərini gəzmişdik. Ümumiyyətlə, səyahət etməyi öz mənəvi qazancım hesab edirəm. Mən həm Space, həm də Lider televiziyasında xəbər sahəsində çalışmışam, ona görə də ATV rəhbərliyinə "Turne" layihəsi ilə müraciət edəndə onlar maraqla qarşıladılar və müsbət cavab verdilər. Çalışmışam ölkələrin tarixi, mədəniyyəti haqqında maraqlı məlumatlar təqdim edim ki, tamaşaçıların dünyagörüşü artsın.

Qətərdə şahinlərin müalicə olunduğu hospital

Bu yaxınlarda Vilnüsdən Bakıya qayıdanda hava limanında "Qəbələ" futbol akademiyasının oyunçuları ilə rastlaşdıq. Mənimlə verilişlərimdən biri haqqında danışmağa başladılar. Fikir verdim ki, 13 yaşları olmasına baxmayaraq, onlar Vilnüsa getməzdən əvvəl şəhər haqqında maraqlanıblar. Gənc nəslin səyahətlərə belə həvəs göstərməsi mənim çox xoşuma gəldi. Hər hansı ölkəyə getməmişdən əvvəl mütləq ora haqqında informasiya toplamaq lazımdır. Belə bir məsəl var: "Səyahət kreslodan başlayır". Yəni, sən əvvəlcə kresloda oturub gedəcəyin yer barədə məlumat alıb, sonra yola çıxırsan. Çox istərdim ki, Portuqaliyaya, Hindistana səfər edim, böyük məmnuniyyətlə İran haqqında material hazırlayardım. Amma təəssüf ki, orada çəkiliş üçün hələ də şərait yaradılmayıb.

"Qəbələ" futbol akademiyasının oyunçuları ilə

- Neçə illik təcrübənizə əsaslanaraq, səfərə çıxan şəxslərə hansı məsləhətləri verərdiniz?
- İndi iqtisadi vəziyyət çətin olduğu üçün əksəriyyət səfər etməyə qorxur, fikirləşir ki, xərci çox çıxacaq. Bəzən turizm şirkətləri ağlagəlməz qiymətlər təklif edirlər. Halbuki internet vasitəsilə hər kəs öz səyahətin sərbəst şəkildə təşkil edə bilər. İndi vizanı, təyyarə biletini, otel sifarişini, xarici ölkədə avtomobil icarəsini, hətta gedəcəyin ekskursiyanın biletlərini də əvvəlcədən internetlə ala bilərsən. Mən Yaponiya səfərinə hazırlaşanda turizm şirkətləri viza üçün 250 dollar ödəniş istəyirdilər. Ancaq internetdə vizanı cəmi 200 manata təşkil eden yapon şirkəti tapdım.

"Çox gəzən bilər" verilişinin aparıcıları Lixtenşteyndə

Sərfəli səyahət üçün daha bir imkan xarici aviaşirkətlərin xüsusi endirim vaxtlarından yararlanmaqdır. Məsələn, Yaponiyaya gediş-gəliş bileti üçün 520 dollar ödəmişdim. Halbuki bəzən Moskvaya təyyarə bileti bu qiymətə olur.

Ümumiyyətlə, artıq Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında viza sadələşdirilməsi razılığı əldə olunub, viza rüsumları endirilib. Əgər gəzmək sənin hobbindirsə, müxtəlif marşrutlar seçmək olar. Xaricdə "backpaker" (çiynində ryukzakla müstəqil səyahət edənlər), avtostop üsulu ilə dünyanı gəzənlər var.

- Yola çıxan adamın çantasında mütləq hansı əşyalar olmalıdır?
- Müəyyən dərman preparatlarını götürmək lazımdır. Ola bilər ki, getdiyiniz ölkədə başqa dərmanlar praktika olunur və ya aptekdə nə istədiyinizi başa sala bilməyəsiniz. Biz verilişlərimizin çəkilişlərində özümüzlə hətta su qızdırıcısı da götürürük. Bundan başqa, iqlimi dəyişəndə dodaq quruması ola bilər, mütləq dodaq balzamı götürsünlər. Bir də həmin ölkənin mətbəxi ilə maraqlansınlar. Ola bilər süfrəyə elə yemək gətirərlər ki, onu yeyə bilməzsən, yaxud dini inanclarına zidd olar.

Upsala buzlağı, Argentina

- Yeri gəlmişkən, hansı ölkənin mətbəxi ürəyinizcə olub?
- Mən dəniz məhsullarını çox sevirəm. Krevetkalar, xərçənglər - bunların hamısı təmiz məhsullardır. Bir dəfə dadsanız, necə dadlı və proteinlərlə zəngin olduğunu görəcəksiniz. Həm insanı doyuzdurur, həm də yüngüllük hissi verir. Şərq ölkələrindən isə Livan mətbəxi mənə xoş gəlir. Yunan mətbəxi də zəngin və dadlıdır. Xüsusilə balıqdan, zeytundan, feta pendirindən, pomidordan dadlı xörəklər bişirirlər.

Tokio, Yaponiya

- Hansı ölkə sizi təəccübləndirib?
- Açığı, ölkələr haqqında əvvəlcədən məlumatlı oluram deyə, məni hər şeylə təəccübləndirmək mümkün deyil. Amma ayrı-ayrı ölkələr haqqında təəssüratlarım var. Məsələn, Sinqapurda ictimai asayişin, qaydaların pozulmasına görə ağır cərimələr nəzərdə tutulur. Buna görə Sinqapuru zarafatla "Fine city" də adlandırırlar.

Yaponların isə beyni sanki proqramlaşdırılıb. Məsələn, bir məntəqədən digər məntəqəyə getmək üçün yalnız bir yol bilirlər, alternativ yol təklif etsən, çaşıb qalacaqlar. Yaponiyada təəccüblü olan daha bir məqam ölkə əhalisinin 60 faizinin tibbi maskalardan istifadə etməsidir. Sən demə, onlar bundan bir neçə məqsədlə yararlanırlar. Birincisi, qadınlar hər gün makiyaj etməkdən xilas olurlar, ikincisi əhalini özünü bu yolla virusa yoluxmaqdan qoruyur, üçüncüsü isə tibbi maska onlara emosiyalarını biruzə verməməkdə kömək edir.

Çinlə də bağlı maraqlı məqamlar var. Məsələn, qərb sosial şəbəkələri orada bir o qədər populyar deyil. Onların öz "Twitter", "Facebook" və "Google"ları var. İnternetdə axtarış verəndə yalnız Çin xəbər resurslarından məlumat əldə edə bilərsiniz.

Mirsəməd Cəfərlidən səyahətçilərə məsləhətlər:
Çox az adam bilir ki, Dohanın Həməd Beynəlxalq Hava Limanında şəhərə pulsuz ekskursiyalar təklif olunur. Gündə bir neçə dəfə təşkil edilən turlar üçün vizaya ehtiyac yoxdur. Lakin "Qatar Airways" sərnişinləri 4 günlük pulsuz viza əldə edə bilərlər.

Tokio şəhərində göydələnlərin üst mərtəbələrində ödənişli müşahidə meydançaları var. Ancaq Bələdiyyə binasının 48-ci mərtəbəsindən şəhərin mənzərəsini pulsuz seyr etmək olar.

Məşhur Vyana operasında təqdim olunan tamaşalara ayaqüstü yerlərə biletlər satılır. Axşamlar tamaşanın başlanmasına az qalmış növbədə dayanıb 3-4 avroya bilet almaq olar.

Polşanın Krakov şəhərində turistlər üçün rus və ingilis dillərində pulsuz ekskursiyalar təşkil olunur. Sonda bələdçinin xidmətini bəyənsəniz, ona simvolik bir məbləğdə ödəniş edə bilərsiniz.

Bəzi ərəb ölkələrində, Hindistan və Filippində su çirkli hesab olunur. Yaxşı olardı ki, səyahətçilər özləri ilə butulkada içməli su götürsünlər.

Büdcəyə qənaət etmək üçün bahalı otellər əvəzinə airbnb.com saytının xidmətindən yararlana bilərsiniz.

Cenevrədə universitetlərin tarix fakültələrinin tələbələri şəhərdə pulsuz ekskursiyalar keçirirlər. Bu fürsətdən yararlanmaq üçün turist qrupuna əvvəlcədən yazılmaq lazımdır.