- Səyahət sizin üçün nə deməkdir?
- Səyahət bizim həyatımızın bir hissəsidir. Elçin üçün ilk növbədə işdir, çünki səyahətlərimizin çoxu onun müqavilələri, tamaşaları və konsertləri ilə bağlıdır. Mənim üçün isə səyahət yeni rəsmlərim üçün ilham mənbəyi deməkdir.

- İlk səyahətiniz yadınızdadırmı?
- Birinci səyahətimiz 1999-cu ildə Nyu-Yorka olmuşdu. "Bakılı oğlanlar" KVN komandası ABŞ-da konsertlərlə çıxış etməyə getmişdi. Bu heyranlığı, aldığım təəssüratları təsvir etmək mümkün deyil. O zamandan sonra biz dəfələrlə Nyu-Yorkda olmuşuq. Hətta Elçin "Metropoliten Opera"da çalışanda iki ay orada yaşamışıq. Ancaq ilk təəssürat elə ilk olaraq da qalır. Bizi bu meqapolisin miqyasları heyran etdi. Bir an da olsun həyatın dayanmadığı şəhər, Taym Skverə doğru hərəkət edən insan axını - bütün bunlar təsəvvürə yerləşmir. Orada biz ilk myuziklımıza "Operada fantom"a baxdıq, bütün tamaşa boyu heyranlıqdan ağzımız açıq qalmışdı. Bundan başqa, əfsanəvi "Blue note" kafesində və Çik Korianın konsertində olduq. Əlbəttə ki, "Bakılı oğlanlar"ın çıxışı da uğurla keçdi.

Ulduz bələdçi: Qama Məlikova

Ümumiyyətlə, biz standart səyahətçilər deyilik, səyahətlərimiz adətən bir aydan iki aya qədər çəkir. Bu zaman ərzində getdiyimiz yerlə maksimum yaxından tanış olmağa çalışırıq. Bura həmin yerin təbiəti, insanları, tarixi abidələri və milli mətbəxi də daxildir. Biz yerli koloriti hiss etməyə çalışırıq və hətta ətirləri belə yadda saxlayırıq. Odur ki, olduğumuz və yaşadığımız yerlərdə rahatlıqla ekskursiya keçirə bilərik (gülür).

Əgər hansısa şəhərə bir və ya iki aylıq gedirsənsə, özün üçün çoxlu yeni şeylər kəşf edirsən. Bura təkcə mədəni proqramla görməli yerlər daxil deyil. Həm də həmin yerin məişət və ənənələrinə də toxunur. Məsələn, Varşavada 19:00-da hamı istirahət edir və səs salmaq olmaz, Florensiyada isə gecə saat 3-ə qədər hamı gəzir, səs salır və bu, normaldır. İspaniya və İtaliyada gündüz restoranlar bağlıdır və ancaq kiçik kafelərdə yemək olar. Moskva və Manhettendə isə bütün gün ərzində yaxşı restoran tapmaq olar. Avstriyada bazar günü bütün mağaza və supermarketlər bağlıdır. Nyu-Yorkda bütün muzeylərdə biletlərdə qiymətlər var, ancaq bu formal bir şeydir. Əgər muzeyə girib desəniz ki, pulunuz yoxdur və ya bir dollarınız var, sizi rahatlıqla buraxacaqlar.

- Qatarda, maşında, təyyarədə səyahət - bunlardan hansı daha maraqlıdır?
- Səyahət özü-özlüyündə əla bir şeydir. Bizim üçün gedəcəyimiz ölkəyə təyyarə ilə uçmaq məqsədəuyğundur, orada isə qatar və ya maşından istifadə etmək olar. Bir də ki, yəqin ki, bu hansı fəsil olmasından və həmin yerin özündən asılıdır. Qışda qatarla səyahət etmək daha rahatdır. Gedəcəyiniz yer İtaliya, Fransa və İsveçrədirsə, maşınla daha çox maraqlı şeylər görəcəksiniz.

Ulduz bələdçi: Qama Məlikova

- Səyahətə necə hazırlaşırsınız?
- Çamadanları tez yığırıq. Bunun səbəbi yəqin ki, bizdə bu prosesin artıq avtomatik hal almasındadır. Mütləq əşyalar siyahısında ilk şey Avropa və Amerikada reseptsiz ala bilməyəcəyimiz dərmanlardan ibarət qutudur.

Gedəcəyimiz yer üzrə məlumatlara internetdə baxırıq, gedilməli olan maraqlı yerləri və yaxşı restoranları axtarırıq. Əlbəttə ki, həmyerlilərimizdən kimin orada yaşadığını öyrənmək üçün Facebook-u da nəzərdən keçirirəm.

- Özünüzü turist, yoxsa səyahətçi hesab edirsiniz?
- Biz yəqin ki, özümüzdə həm səyahətçini, həm də turisti birləşdiririk. Səyahətçilər kimi adətən uzun müddətli səfərlər edirik və səfərimiz mütləq Elçinin işi ilə bağlı olur. Özümüz üçün yeni teatr və tamaşa kəşf edirik, yeni insanlarla və yerli həyatın xüsusiyyətləri ilə tanış oluruq. Turistlər kimi əvvəlcədən səfərimizi hazırlayırıq və rahat yaşayış yeri seçirik, görməli və maraqlı yerləri qeyd edirik, yerli mətbəxdən nəyi dadmaq lazım olduğunu bilmək üçün restoran bələdçisini nəzərdən keçiririk. Biz bax belə "turist-səyahətçiyik".

Ulduz bələdçi: Qama Məlikova

- Hansı ölkənin milli mətbəxi sizin zövqünüzcə olub?
- Üçümüz də qurman olduğumuzdan, mətbəx məsələsi bizim üçün çox ciddidir. Ancaq siyahımızda yəqin ki, Florensiya mətbəxi liderdir. Florensiyada çoxlu sayda dadlı yeməklər təqdim edən restoranlar var, ancaq bizim ən çox yadımızda qalan ikinci mərtəbəsində restoran;n olduğu Merkato Sentrale bazarıdır. Bazardan olan ən təzə məhsullar yuxarı çatdırılır və hazırlanır. Orada ən dadlı Florensiya steykləri, tryufelli pasta, dəniz məhsullarının bütün çeşidləri və əlbəttə ki, təzə kannoli (Yadınızdadırsa, "Xaç atası"nın üçüncü hissəsində Mayklın bacısı teatrda don Altobelloya kannoli verir - Q.M.) təqdim edilir.

Ulduz bələdçi: Qama Məlikova

Fransa mətbəxi də çox dadlıdır. Biz ölkənin cənubundakı Limoj şəhərində olmuşduq. Bura fuaqra ilə məşhurdur. Onlar fuaqradan supdan hamburqerə qədər mümkün olan hər şey hazırlayırlar. Bu, inanılmaz dərəcədə dadlıdır. Ancaq indi yaşadığımız Moskvanı da qeyd etmək lazımdır. Burada istənilən zövqə uyğun çoxlu sayda möhtəşəm restoranlar var. Mən dünyanın müxtəlif yerlərində daddığımız delikateslər barədə uzun-uzadı danışa bilərəm, çünki bu mövzu sonsuzdur. Biz həmişə dadlı yemək verilən yerlərin axtarışındayıq.

- Yenidən hara qayıtmaq istərdiniz?
- Honkonqa qayıtmaq istərdim, biz orada cəmi 4 gün olduq və hər şeyi dada, hiss edə bilmədik. Şəhər öz qeyri-adiliyi ilə çox xoşuma gəldi, ora tamamilə fərqlidir, sanki başqa bir planetə düşürsən. Uçuş-eniş zolağının bir hissəsi sudadır və təyyarə yerə toxunanda Cənubi Çin dənizini görürsən. Bu, çox gözəldir. Onlar qeyri-adi yüksək və çox dar göydələnlər tikirlər. Belə bir təəssürat yaranır ki, sanki bina hər mərtəbədə bir mənzildən ibarətdir. Torpağın bahalığı onları çox sıx tikililər tikməyə məcbur edir. Honkonq yeganə yerdir ki, parklara düşmək üçün körpüyə qalxmaq lazımdır, çünki parklar avtostradalarla küçələrin arasında yerləşir. Honkonqda parklar çox gözəldir, burada qeyri-adi bitkilər var və elə parklarda flaminqolar gəzir, bütün bunlar isə şəhərin mərkəzində baş verir. Bu, şəhərin səs-küyündən təbiətə qaçmaq üçün gözəl imkandır.

Ulduz bələdçi: Qama Məlikova

Bir də dənizin sahilində çox gözəl bulvar var, sahildə turistlərlə dolu olan çoxlu sayda gəzinti gəmiləri və əlbəttə ki, qırmızı yelkənləri olan rəngli conkalar var. Hər axşam burada işıq şousu keçirilir.

- Ən çox hansı səfəriniz yadınızda qalıb?
- Ən çox yadımda qalan Florensiya idi, orada özümü çox yaxşı hiss edirdim. Elə bir hiss yaranırdı ki, sanki bədən və ruh hər gün heyranlıqla sevinir. Florensiyadakı kimi səma isə dünyanın başqa heç bir yerində yoxdur. Bura rəssamlar üçün cənnətdir. Elçin Zalsburqu çox bəyənib, orada o, bir ildən çox vaxt keçirib. Bu yer onun həyatını çox dəyişib və məhz orada hansı işlə məşğul olacağını anlayıb. O, həmişə Zalsburqa qayıtmaq istəyir və oranı ikinci vətəni adlandırır. Həyatın ahənglə axdığı, səhərlər çiçəklər və təzə bulkaların ətirinin gəldiyi nağıl-şəhər, Motsartın vətəni. Orada hər axşam parkda orkestr ifa edir, ətrafdakı dağların havası adamı sərxoş edir, bütün şəhər musiqi və musiqiyə sevgi ilə doludur.

Cəmil isə ən çox həyatın nə gündüz, nə də gecə dayanmadığı, çoxlu imkanların olduğu Nyu-Yorku bəyənir. Biz orada qışda olmuşduq. Elçinin Metropoliten operada premyerası idi və bu çox gözəl zaman idi. Premyera zamanı güclü qar yağmasına, Nyu-Yorkda fövqəladə vəziyyət elan olunmasına baxmayaraq, hər şey uğurla başa çatdı və böyük macəra kimi yadda qaldı.

Ulduz bələdçi: Qama Məlikova
- Hansı ölkədə olmağı arzulayırsınız?
- Biz daim səyahət etmək istəyirik. Boş zaman olan kimi mən gedəcəyimiz ölkəni qeyd edirəm. Buna görə də ümid edirəm ki, qarşıda Elçinin çoxlu yeni opera premyeraları var. Bu isə Cəmilin yeni biliklər əldə edə biləcəyi və yeni dillər, çoxlu maraqlı yerlər tanıyacağı, mənim yeni işlərim üçün ilham alacağım yeni şəhərlər deməkdir. Əsas olan irəli, öz hədəflərinizə doğru can atmaqdır.

Qama Məlikovadan səyahətə hazırlaşanlara məsləhətlər:

Gedəcəyiniz yer haqqında internetdə məlumatlar tapın. Orada çoxlu faydalı məsləhətlər və rəylər var.

Səyahətə özünüzlə az paltar götürün, bizdə bu heç vaxt alınmır.

Planlaşdırdığınız hər şeyi görmədiyinizə görə məyus olmayın. Bu, o deməkdir ki, bu şəhərə yenə qayıdacaqsınız.