- Xəyyam, təxminən neçə xarici ölkədə olmusunuz?
- İndiyə qədər Avropa və Amerika da daxil olmaqla, dünyanın 20-yə yaxın ölkəsində olmuşam. İtaliya, İspaniya və Fransanı qarış-qarış gəzmişəm. Səyahət mənim həyat tərzimdir. Olduğum ölkələrin çoxuna nə toy, nə də konsert üçün deyil, məhz gəzməyə getmişəm. İşlə bağlı getdiyim yeganə şəhər Moskvadır.

Ən sevdiyim və uşaqlıqdan bəri gəzib-görmək istədiyim ölkə isə İngiltərə olub. Maraqlıdır ki, mən düz 3 dəfə heç bir səbəb göstərilmədən İngiltərə vizasından imtina almışam. Ancaq bu, mənim oranı görmək arzumu zərrə qədər də azaltmamışdı. Nəhayət, bu il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə iştirak etmək üçün Londona yola düşdüm. Orada olduğum dörd gün ərzində demək olar ki, bütün muzeyləri və tarixi məkanları gəzdim. Ümid edirəm ki, bundan sonra İngiltərəyə tez-tez gedəcəm. Səyahət etmək istədiyim ölkələr sırasında Yaponiya, Afrika ölkələri, Maldiv və Tailand adalarının adını çəkə bilərəm.

        Londona çoxdan gözlənilən səfərim

- İlk səyahətinizi necə xatırlayırsınız?
- İlk səfərim 1989-cu ildə, təxminən 6-7 yaşımda Moskva şəhərinə olub. Dayımla birgə valideynlərimi Amerikaya yola salmaq üçün Moskvaya getmişdik. O zamanlar Bakıdan Birləşmiş Ştatlara birbaşa reyslər yox idi. Həmin ilə qədər hava limanında heç vaxt olmamışdım. Bakı ilə Moskva aeroportları bir-birinə oxşadığı üçün elə bilmişdim ki, dönüb dolaşıb yenə də Bakıya gəlmişik (gülür). Orada qaldığım günlər ərzində Qırmızı meydanı gəzdik, Lenin mavzoleyində olduq, Sovet dövründə çox məşhur olan "Uşaq dünyası" mağazasına getdik. İndiyə qədər həmin mağazanın hər bir detalını xatırlayıram: divarında asılan böyük saatın pəncərəsində hər saatın tamamında Sovet cizgi filmlərinin bir personajını görmək olardı.

1999-cu ildən isə musiqi fəaliyyətimlə əlaqədar olaraq, tez-tez xaricə səfər etməyə başladım. Hətta pasportum belə yox idi, doğum haqqında şəhadətnamə və anamın verdiyi etibarnamə əsasında musiqiçilərlə bütün dünyanı gəzmişəm.

İsveçrənin Montre şəhərində, 2012-ci il

- Səyahət sizin üçün nə deməkdir?
- Səyahət mənim üçün həm istirahət, həm də işdir. Çalışıram ki, işlə əlaqədar olaraq getdiyim hər yeni bir şəhərdə 2-3 gün qalıb oranın tarixi abidələrini, muzeylərini görüm. Açığı, geyim mağazalarını gəzməyi və restoranlara getməyi xoşlamıram. Bahalı bir restoranda oturub nahar etdiyim vaxtı hansısa abidəni görməyə sərf edə bilərəm. Xüsusilə dini məkanlarda olmaq mənə maraqlıdır. Məsələn, Yerusəlim dünyada yeganə şəhərdir ki, orada 3 dini tikili - məscid, kilsə və sinaqoq yerləşir. Bu şəhərə həm də "dünyanın tən ortası" deyirlər. Mənim üçün Allahın evi birdir. Mən yəhudi olsam da, Azərbaycanı öz ölkəm hesab edirəm və bütün milli bayramları keçirirəm. Bu il "Multikulturalizm ili" çərçivəsində yəhudi icmasının nümayəndəsi olaraq, bir çox tədbirlərdə iştirak etmişəm. Azərbaycanda yəhudilərə böyük hörmətlə yanaşırlar və düşünürəm ki, bu dostluq əbədidir.

Dostumla Fransanın paytaxtı Parisdə, 2012-ci il

- Bildiyimiz qədər, getdiyiniz bütün ölkələrdən suvenir olaraq kibrit qutuları gətirirsiniz. Bu hobbinin tarixçəsi necə başlayıb?
- Rusiyalı bir dostum uzun illərdir kibrit qutuları yığırdı. Yeni evinə köçəndə orada yer olmadığı üçün kolleksiyasını mənə bağışladı. Artıq dörd ildir mən bu hobbi ilə məşğulam və evimdə bunun üçün ayrıca otaq ayırmışam. Hazırda kolleksiyamdakı qutuların sayı 2000-i keçib. Sayı 5000-i keçəndən sonra "Ginnesin Rekordlar kitabı"na müraciət etməyi düşünürəm. Bu, təkcə mənim deyil, yaxın dostlarımın, fanatlarımın, bu hobbimdən xəbərdar olub mənim üçün dünyanın dörd yanından kibrit qutuları gətirən insanların da uğuru olacaq.

Ulduz bələdçi: Xəyyam Nisanov

- Səyahətlər zamanı yeni nələr öyrənirsiniz?
- Səyahətlər mənə dünyagörüşümü artırmağa, şəhərlərin tarixini, digər millətlərin həyat tərzini, mədəniyyətini öyrənməyə kömək edir, yeni tanışlar və dostlar qazandırır. Elə insanlar var ki, daşınmaz əmlaka, maşınlara, zinət əşyalarına, geyimlərə yatırım edirlər, mən isə pulumu səyahətə xərcləyirəm. Düşünürəm ki, insanın 15 evinin olmağındansa, 15 ölkəni gəzməyi daha gözəldir. Düzdür, hər ikisi olsa, daha yaxşıdır (gülür). Hər səfərimdən sonra həyata başqa gözlə baxmağa başlayıram. Məsələn, Çindən qayıdandan sonra həyatımda bəzi şeyləri dəyişdirdim. Ev əşyalarında bahalı deyil, sadə və funksional əşyalara üstünlük verməyə başladım. Bundan başqa, səyahət mənə bir çox daxili komplekslərimdən azad olmağa yardımçı oldu.

İsrail səfərimdən xatirə

- Dostlarla, yoxsa təkbaşına səyahət etməyi xoşlayırsınız?
- Hər səfərim zamanı xüsusi bir qrafikim olur. Tanımadığım şəhəri gün ərzində 7-8 saat dayanmadan gəzir, şəkillərini çəkir, hər bir abidənin tarixi ilə maraqlanıram. Bunu isə çox adam xoşlamır. Məsələn, Londonda olduğum dörd gün ərzində bir dəfə də olsun alış-verişə çıxmadım. Halbuki, şəhərin ən məşhur ticarət mərkəzinin yaxınlığındakı oteldə qalırdım. Ancaq günü necə keçirməyimdən asılı olmayaraq, axşamlar dost-tanışla bir araya gəlmək mənə böyük zövq verir.

- Hansı xarici ölkənin mətbəxi ürəyinizcə olub?
- Mən yemək cəhətdən kaprizli deyiləm, ancaq rasionumdan xəmir xörəklərini çıxarmışam. Dəniz məhsullarını çox bəyənirəm. Çində olanda qurbağa, timsah əti, ilbiz, osminoq, krevetdən hazırlanan yeməklərin dadına baxmışam. Belə yeməklərdən iyrənmirəm və düşünürəm ki, bu, ən sağlam qidadır. Azərbaycanda böyüdüyüm üçün buranın milli mətbəxini, Türkiyə mətbəxinin ləziz xörəklərini və şirniyyatlarını çox sevirəm. Meksika yeməkləri haqqında isə eyni şeyi deyə bilməyəcəm.

Kann və Monakoda keçirdiyim unudulmaz tətil, 2016-cı il

- Başınıza gələn ən maraqlı hadisə hansı olub?
- Belə hadisələrin sayı çoxdur. Ancaq bir il bundan əvvəl indiyə qədər yadımdan çıxmayan bir hadisə yaşadım. Moskvada toya dəvət almışdım və toy saat 8-də başlamalı idi. Tədbirin başlanmasına 2 saat qalmış ağ pencək, qara şalvarda kişi salonundan çıxmağa hazırlaşırdım. Yolda tıxac var idi amma düşündüm ki, çox keçməz, hərəkət davam edər. Saat 7-nin yarısı mənə zəng vurdular ki, məclis saatın tamamında başlayacaq. Təsəvvür edin, uzunluğu 1 kilometr olan körpünün üstündə tıxacdayam, hərəkət dayanıb və oradan düşüb heç yerə çıxa bilmirəm. Naviqator isə göstərir ki, 55 dəqiqəlik yolum qalıb. Maşından düşdüm və motosikletlərin keçməyini gözlədim. Nəhayət ki, bir motosikl sürücüsünü yola gətirdim, o məni mənzil başına çatdırdı. Saat 7-yə düz 1 dəqiqə qalmış artıq ifamla toya başladıq. Xoşbəxtlikdən, qış fəsli deyildi, yoxsa pencəyim şalvarımın rəngində olacaqdı (gülür).

- Yeni ili harada keçirəcəksiniz?
- Mən hər il Yeni ili evdə ailəmlə birgə qeyd edirəm. Heç vaxt dekabrın 31-i konsertlərdə və ya toy şənliklərində çıxış etmirəm. İlin ilk günü isə ənənəvi olaraq, Yeni ili dostlarımla qeyd etmək üçün xarici ölkələrdən birinə yollanıram.

Xəyyam Nisanovdan səyahətə hazırlaşanlara tövsiyələr:

Londonda olsanız, Uinston Çörçillin yaşadığı və işlədiyi "Hərbi otaqlar" muzey-bunkerinə gedin. Bu muzeydə XX əsrin ən böyük liderlərindən birinin şəxsi əşyaları nümayiş olunur.

İsrailə gedənlərə tövsiyə edirəm ki, Ölü dənizin sahilində istirahət etsinlər. Bu gölün həm suyu, həm də palçığı müalicəvi əhəmiyyətə malikdir.

Moskvada ən sevdiyim məkanlardan biri "Doktor Jivaqo" restoranıdır. Qiymətləri də çox demokratikdir.

İstanbula getsəniz, Sultan Süleymanın həyat yoldaşı Xürrəm Sultanın istəyi ilə Memar Sinanın inşa etdiyi Haseki hamamına baş çəkin.

Barselona şəhərinin rəmzi sayılan "Ailə kilsəsi" və "Qaudi parkı"na mütləq gedin.