- Bildiyimiz qədər səfərlərinizin əksəriyyəti işgüzar xarakter daşıyır. İndiyə qədər neçə ölkədə olmusunuz?
- 1997-ci ildən başlayaraq, artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedirəm. Mənim işimə, çıxışlarıma belə tələbatın olması xoşdur. Ancaq ən əsası, bu, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi klassiklərimizin böyük musiqisini ifa etmək imkanıdır. Azərbaycan musiqisini Nyu-York, London, Vyana, Milan, Parisdə böyük heyranlıqla qəbul edirlər. Bu, bizim səyahət, qastrol etməli olmağımızı bir daha sübut edir. Bu, bizim həm yaradıcı, həm də vətəndaş missiyamızdır.

Əyyub və Ramiz Quliyevlər Parisdə

- Səyahət sizin üçün nə deməkdir?
- Mənim üçün səyahət ilk növbədə konsertlərlə bağlıdır. Sadəcə istirahət üçün harasa getdiyim demək olar, olmayıb. Yoldaşım, rəssam və dizayner Nərgiz Quliyeva "Almaniya Azərbaycan rəssamlarının gözü ilə" Beynəlxalq rəsm müsabiqəsində qalib gəldikdən sonra onu Almaniyaya dəvət etmişdilər və ora birlikdə getmişdik. Biz məşhur alman qalereyaları, salonlarında olduq, Rembrandt, Van Qos, Pikasso, Renuar və başqa rəssamların şedevrlərinə baxdıq. Lakin əsasən mənim səyahətlərim müəyyən öhdəliklərlə bağlı olur. Mən proqramı diqqətlə seçirəm və bu konsertlərə hazırlaşıram. Məşqlərdən boş qalan vaxtda isə şəhərdə gəzməyə çalışıram, muzeylərə gedirəm.

- İlk səyahətiniz yadınızdadır?
- İlk qastrolum 12 yaşımda olub. Bu, bizim böyük həmyerlimiz Mstislav Rostropoviçin Moskva Konservatoriyasının Böyük Zalında yubiley axşamı idi. Rostropoviç və onun həyat yoldaşı Qalina Vişnevskaya məni və atam, Azərbaycanın xalq artisti, professor Ramiz Quliyevi bu yubiley axşamına dəvət etmişdilər. Mayya Plisetskaya, Rodion Şedrin, Vladimir Spivakov, Yuriy Başmet, Nikolay Petrov, Viktor Tretyakov, Zurab Sotkilava, Maklava Mrevlişvili kimi musiqi elitasının qaymaqlarının iştirak etdiyi unudulmaz bir axşam keçirdik. Atamla əvvəlcə Azərbaycan musiqisi ifa etdik, daha sonra Rostropoviçin çox sevdiyi Dvorjakın "Slavyan rəqsləri"nə keçdik. Mstislav Leopoldoviç bizi ayaq üstə alqışlayırdı. Bu, mənim üçün həqiqətən də tarixi an idi.

Ulduz bələdçi: Əyyub Quliyev

- Yeni şəhərlərdə sizi təbiət, insanlar, yoxsa tarixi yerlər maraqlandırır?
- Açığı, məni hər şey cəlb edir. İlk dəfə harasa gedəndə tarixi yerlərə daha çox diqqət ayırırsan. Əlbəttə ki, turistlər gəldikləri ölkənin mədəniyyətini öyrənməyə çalışırlar. Təbii ki, yerli sakinlərlə də tanış olmaq maraqlıdır. Əgər sən diqqətli adamsansa, mütləq onların xarakterlərinin xüsusiyyətlərini, davranışlarını, danışıq tərzini, ənənələrini öyrənməyə başlayırsan. İlk dəfə qarşılaşdığım insanların psixologiyasını öyrənmək, onları müşahidə etmək mənə həmişə maraqlı olub.

- Hansı səyahətiniz xüsusilə yadınızda qalıb?
- Atamla Londona qastrola getmişdik və konsert zamanı atam məndən royalın arxasına keçməyi xahiş etdi. Mən fortepioanoda ifa etsəm də, peşəkar pianoçu deyiləm, özü də ki, biz heç məşq etməmişdik. Ancaq ingilislər mənim ifamı çox bəyəndilər. Bir dəfə də Vyanada çıxışım zamanı tarın simləri qırıldı. Mən demək olar, simsiz ifa edirdim, bu isə çox unikal hadisə idi.

- Hara bir daha qayıtmaq istərdiniz?
- Avstriyanı çox sevirəm. Vyanada çıxış etmək mənim üçün həmişə böyük sevinc və şərəfdir. Ona görə yox ki, bir zamanlar orada təcrübə keçmişəm, professor Mark Strinqerlə çalışmışam. Mən Avstriyanı dünya musiqi mədəniyyətinin mərkəzi hesab edirəm, orada, hər şey musiqi, incəsənətlə nəfəs alır.

- Hansı ölkənin milli mətbəxini daha çox bəyənirsiniz?
- Təəssüflər olsun ki, akademik incəsənət, musiqi mədəniyyətinin inkişaf etdiyi bir çox ölkələrin milli mətbəxi məni çox da cəlb etməyib. Ancaq mətbəxin zənginliyi nöqteyi-nəzərdən mənim marağımı cəlb edən ölkələr şərq ölkələridir. Mənim üçün ilk yerdə Azərbaycan mətbəxidir. Bunu bizə qonaq gələn xaricilər də təsdiq edir.

Parisdə Notr-Dam kilsəsinin önündə

- Səyahətlər sizə nəyi öyrədir?
- İlk növbədə, səyahət etmək insanın dünyagörüşünü artırır. Bu, yeni mədəniyyət tanımaq, mənəvi zənginləşmək imkanıdır. Memarlıq, musiqi ilə tanışlıq, qiraət, dillərin öyrənilməsi inkişaf üçün çox güclü təkandır. Səyahət həmişə insan üçün yeni kəşf deməkdir.

- Bu və ya digər səbəblərdən səyahət etməyən insanlara nə tövsiyə edərdiniz?
- Hansısa səbəblərdən səyahət etmək imkanı yoxdursa, tarix, mədəniyyət haqqında kitablar, sizi maraqlandıran ölkələrin görməli yerləri barədə materiallar oxumaq olar.

Astana, Qazaxıstan

Əyyub Quliyevdən səyahətçilər üçün məsləhətlər:

 Sankt-Peterburqa getməyə hazırlaşırsınızsa, mütləq Ermitaj üçün ayrıca vaxt ayırın. Eləcə də, əfsanəvi Peterburq baletinə baxmaq üçün Mariinski teatrına getmək lazımdır.

Vyanada mütləq Muzikferayna gedin. Burada hər il Yeni il konsertinin Qızıl Zaldan yayımlandığı Vyana filarmoniya orkestri yerləşir.

Avstriyaya getmək və Qustav Klimtin əsərlərini görməmək bağışlanılmazdır. Bunun üçün yolunuzu Belveder muzeyindən salın.

Milana getmək qərarı vermisinizsə, dünyanın ən məşhur opera teatrı La Skalaya gedin. Operanın başlamasından bir neçə saat öncə bura gəlsəniz, ayaqüstü yerlərə bilet ala bilərsiniz. Bu isə sizin büdcənizə əhəmiyyətli dərəcədə qənaət edəcək.

Berlində olsanız, sizə Berlin operasına getməyi məsləhət görürəm. Burada hər həftə ən yaxşı kollektivlər və dünyanın ən yaxşı solistləri çıxış edirlər.

 Berlin zooparkına heyran olacaqsınız. Zooloji muzeydə isə dünyanın ən böyük dinozavrının skeletini görə bilərsiniz.